Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir E.İsmayılov /
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan və Bakı-Frankfurt aviareysləri təxirə salınıb. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, Bakı-Naxçıvan reysi fevralın 9-da saat 23:55-də, Bakı-Frankfurt reysi isə fevralın 10-da saat 04:50-də yola düşməli idi.
Eləcə də Naxçıvandan paytaxta fevralın 10-da saat 02:55-də, Aşqabaddan saat 03:55-də gələcək reyslər də təxirə salınıb.
Fevralın 8-də səhər saat 6-7-də Bakıda mənfi 11 dərəcə olmaqla rekord temperdatur göstəricisi qeydə alınıb. 110 illik meteoroloji müşahidələrə görə, Bakıda havanın temperaturunun nisbətən daha aşağı göstəricisi - mənfi 10 dərəcə 1969-cu ildə qeydə alınıb.
Hazırda Azərbaycanın bütün ərazisində şaxtalı hava şəraiti davam edir.