Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Vergilər Nazirliyinin əsas məqsədlərindən biri vergi inzibatçılığı iştirakçıları üçün maksimum rahat və əlverişli biznesin yaradılmasıdır. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.
"Bu sahədə də son illər ciddi irəliləyiş əldə edilib. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi müvafiq hesabatlara görə, bu gün Azәrbaycanda vergi bəyannamələrinin tərtib və təqdim edilməsi, eləcə də vergi ödəmələrinin aparılması üçün qanunverici normalara riayәt olunmasına sәrf edilәn orta vaxt göstəricisi istər Mәrkәzi Asiya vә Şәrqi Avropanın, istərsə də orta dünya gostәricilәrini qabaqlayır", - nazir deyib.
Məmmədovun sözlərinə görə, bu gün ölkədə vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90 faizi elektron formatda göndərilir. Vergilәrin alınması sahəsində inzibatçılıq mexanizmlәrinin yaxşılaşdırılması, eləcə də vergi ödəyicilərinin intensiv məlumatlandırılması sahəsində tətbiq olunan mexanizmlər nəticəsində bu gün ölkəmizdə vergi ödəyicilərinin əksəriyyəti bəyannamələrini vaxtında təqdim edirlər.
"Xüsusi bir istiqamət vergi xidmətində müasir informasiya texnologiyalarının geniş tətbiqidir. Vergilər Nazirliyi inzibatçılıq sahəsində və elektron xidmətlərin geniş tətbiqi prosesini bundan sonra da fəal şəkildə davam etdirməklə korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynayan məmur-vətəndaş təmaslarını minimuma endirmək niyyətindədir", - Məmmədov deyib.
Nazirin sözlərinə görə, əsas məqsəd vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə, qeydiyyatdan tutmuş bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş vergi nəzarəti prosesinədək əsasən müasir elektron texnologiyalardan istifadə olunmaqla həyata keçirilməsidir.