...

Overture Financial Azərbaycana sosial ayırmaların 3 faizini real yığıma yönəltməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 13:47 (UTC +04:00)
Sosial ayırmaların bir hissəsinin real yığıma yönəldilməsi Azərbaycanda əlavə gəlirlər əldə etməyə və pensiyaların məbləğini artırmağa imkan verəcək.
Overture Financial Azərbaycana sosial ayırmaların 3 faizini real yığıma yönəltməyi təklif edir

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir A.Axundov /

Sosial ayırmaların bir hissəsinin real yığıma yönəldilməsi Azərbaycanda əlavə gəlirlər əldə etməyə və pensiyaların məbləğini artırmağa imkan verəcək. Bu barədə cümə günü "Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktuar tədqiqatların nəticələri" mövzusunda keçirilən təqdimat mərasimində ABŞ-ın Overture Financial Ltd şirkətinin prezidenti Məhəmməd Baki deyib.

"Ayımaların üç faizinin real yığıma göndərilməsi 20 il ərzində pensiyaları beş faiz, 40 il ərzində isə 10 faiz artıracaq", - Baki bildirib.

Onun sözlərinə görə, ayımalara 2015-ci ildən başlana bilər ki, bu da ildə 190 milyon manata yaxın təşkil edəcək.

Bir az əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Trend-ə bildirib ki, Azərbaycanda pensiya-sığorta sisteminin inkişafı dövlət proqramının yığım hissəsinin tətbiqinin birinci mərhələsində sığortaçının bank hesabına sosial ödənişlərin iki faizinin köçürülməsi nəzərdə tutulur.

Hazırda işçinin icbari sosial sığortaya görə ödənişləri iki mənbədən formalaşır: işəgötürənlər əməkhaqqı fondundan sosial sığortaya ödənişləri 22 faiz həcmində həyata keçirirlər, işçinin əməkhaqqından isə 3 faiz tutulur.

"Biz hazırda Azərbaycanın pensiya-sığorta sisteminin inkişafının uzunmüddətli planlaşdırılması üzrə layihə çərçivəsində Dünya Bankı və Overture Financial Ltd şirkəti ilə araşdırmalar aparırıq. Biz ilkin tövsiyələr almışıq. Tövsiyələrə əsasən, yığım hissəsinin tətbiqini real yığıma ödənişlərin 2 faizini yönəltməklə başlamaq məqsədəuyğundur", - Müslümov deyib.

Onun sözlərinə görə, Azərbaycanda yığım hissəsinin tətbiqi üçün qanunvericilik bazası 2013-cü ilin sonuna qədər hazırlanmalıdır.
"Sonra bu vəsaitlər investisiyalar qismində və ya Azərbaycan İpoteka Fondunun vasitəsilə yerləşdirilə bilər. Bu, həmçinin ölkədə maliyyə bazarının inkişafında vacib rol oynayacaq", - Müslümov qeyd edib.

Xəbər lenti

Xəbər lenti