...

Bakının torpaq bazarı bahalaşmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Ə.Həsənov/

Yanvar ayında Bakıda 1 sot torpağın orta qiyməti 1,3 faiz artaraq 13 694 dollardan 13 806 dollara çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin paytaxtın torpaq bazarında apardığı monitorinqlərin nəticələri üzrə məlumatında deyilir.

"Qiymət artımının əsas səbəbi paytaxtda mənzil söküntüsünün aparılması nəticəsində fərdi yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbin artımı olub", - məlumatda deyilir.

Yanvarda Bakının əksər rayonlarında qiymət artımı qeydə alınıb. Ən çox qiymət artımı Qaradağ rayonunda (1,9 faiz) müşahidə edilib. Bununla yanaşı, torpaq bazarında nisbətən aktiv rayonlar Binəqədi və Qaradağ rayonları olub. Ən passivi isə Nəsimi rayonu olub. Yanvar ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi (1 sota görə 350 min dollar) Nəsimi (Çay fabrikinin yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə (1 sota görə 350 dollar) Abşeron (Pirəküşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

Yanvarda bazara təklif olunan ümumi 769,5 hektar torpaq sahəsinin 79,1 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq, aparılan söküntü işləri ilə bağlı, xüsusilə də şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə söküntüyə məruz qalan mənzil və fərdi yaşayış evlərinin hesabına tələbat 1,3 faiz artıb.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,7% artıb, buna baxmayaraq, əmlakın bu növü üzrə risk dərəcələrinin azalması davam edir. Ay ərzində bağlanan alqı-satqı əqdlərinin sayında artım müşahidə edilir və bu seqment üzrə aktivlik müsbət tərəfə dəyişib.

Bazarın araşdırılması göstərir ki, şəhərin mərkəzində torpaq sahələri məhduddur və bunun nəticəsində mərkəzdən kənar ərazilərdə yerləşən sahələrin qiyməti artır. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması fərdi yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələbi artırdığından qiymətlərin artımı müşahidə olunmağa başlayıb.

"Torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir, - təşkilatın ekspertləri hesab edirlər. - Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsinin azalmasına imkan yaradıb".

Xəbər lenti

Xəbər lenti