Azərbaycan, Bakı, 1 mart /Trend/
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Mərkəzi Bankla AYİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayan Rüstəmov bildirib ki, hazırda AYİB-in Azərbaycanın bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr uğurla həyata keçirilib.
Öz növbəsində, AYİB-in maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseyman təmsil etdiyi qurumun ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, AMB-nin qlobal maliyyə böhranı şəraitində bank sektoruna yaxından dəstək olduğunu vurğulayaraq, antiböhran tədbirlərinin və "post-böhran" hədəflərinin həyata keçirilməsinin bank sektorunun sabitliyinə və dayanıqlığına imkan verdiyini bildirib.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.