...

Göygöl rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 13:32 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) çərşənbə axşamı Göygöl rayonunun prioritet sahələri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Göygöl rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 27 mart /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) çərşənbə axşamı Göygöl rayonunun prioritet sahələri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin 2009-cu il aprelin 14-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" fərmanına uyğun olaraq, Göygöl rayonunun Balçılı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində rayonun sahibkarları ilə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir heyvandarlıq komplekslərinin yaradılması;
- intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
- üzümçülük təsərrüfatlarının yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin tam hissəsi SKMF-nin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

SKMF-nin vəsaitlərinin istifadə edilməsi qaydalarına uyğun olaraq, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti