...

Bakıda taksilərdə POS-terminalların quraşdırılması planları açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E. İsmayılov/

"Baku Taxi Company" yaxın vaxtlarda 500 ədəd "London TX4" markalı taksilərdə "VeriFone" şirkətinin istehsalı olan universal POS-terminalların quraşdırılmasına başlayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin rəhbəri İlqar Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda zəruri prosedurların aparılması və proqram təminatının quraşdırılması üzrə işlər aparılır. Terminalların quraşdırılması "Bank of Azerbaijan" və "Azericard" prosessinq mərkəzi ilə müqavilə çərçivəsində həyata keçirilir.

Qasımov deyib ki, POS-terminalların şirkətin yaxın vaxtlarda əldə edəcəyi avtomobillərin yeni partiyasında quraşdırılması da planlaşdırılıb.

"Bütün prosesin ay ərzində tam başa çatdırılması planlaşdırılır", - o qeyd edib.

Yeni terminallar vasitəsilə maqnit, çip və sensor tipli plastik kartlardan istifadə etməklə ödənişi həyata keçirmək mümkün olacaq. Bu da perspektivdə ictimai nəqliyyatın bütün növlərində ödəniş zamanı universal kartlardan istifadə etməyə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti