Azərbaycan, Bakı, 2 may / Trend müxbir A.Axundov /
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana pul-kredit siyasətinin çərçivələrinə yenidən baxmağı təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü missiyanın yekunları üzrə mətbuat konfransında BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində şöbə müdirinin müavini Nadim İlahi bildirib.
"Tələb tərəfdən təzyiqin artacağı halda pul-kredit siyasətinin sərtləşdirilməsi tələb oluna bilər. Lakin mövcud alətlər məhdudlaşdırılmış xarakter daşıyır və gücləndirilmə tələb edir. Missiya inflyasiyanın volatilliyinin aşağı düşməsi məqsədilə pul-kredit siyasətinin yeni çərçivələrinin hazırlanması üzrə səyləri ikiqat artırmağı tövsiyə edir, eləcə də rəsmi orqanları borc öhdəlikləri və kapital bazarının dərinləşməsi, informasiyanın yayılması siyasətinin təkmilləşdirilməsi üçün daha aktiv səylər göstərməyə çağırır", - İlahi deyib.
Onun sözlərinə görə, bununla əlaqədar BVF-nin missiyası Mərkəzi Bankla məsləhətləşmələr aparıb.
"İnflyasiyanın zəifləməsi məqsədilə dövlətin xərclərinin, eləcə də dünya bazarında qida məhsullarının qiymətləri və bu kimi digər kənar amillərin təsirinin azaldılması üçün bəzi işlər görülməlidir. Biz bu sahədə Mərkəzi Bankla işləyirik", - İlahi deyib.
BVF nümayəndəsinin sözlərinə görə, Azərbaycan üçün milli valyutanın dollara bağlanması məzənnəsinə əsaslanan pul siyasətindən faiz dəhlizinə əsaslanan pul siyasətinə keçmək vacibdir.
"Məsələn, Rusiyada da belə keçid müşahidə olunur və biz bu təcrübəni Azərbaycanın Mərkəzi Bankı ilə müzakirə etmişik. Rusiyanın təcrübəsindən Azərbaycanda istifadə olunması mümkündür. Faiz dəhlizinə əsaslanan pul siyasəti çərçivələri inflyasiyanı daha fəal şəkildə tənzimləməyə imkan verir", - İlahi deyib.
Onun sözlərinə görə, BVF bu sahədə texniki yardımın göstərilməsini davam etdirir.