Azərbaycan, Bakı, 10 may /Trend/
"AtaBank" ASC "AtaMatik" adlı növbəti layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Bu layihənin reallaşdırılması zamanı bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətlər səyyar şəkildə göstəriləcək.
Bu məqsədlə bank xüsusi, yüksək keçmə qabiliyyətinə malik və daxilinə banomatlar quraşdırılmış avtomobillər əldə edib. Həmçinin avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər qurğularla təmin olunub.
Səyyar xidməti təmin etmək üçün bankomata texniki xidmət, əməliyyata nəzarət, təhlükəsizlik xidməti və sürücüdən ibarət işçi heyəti yaradılıb.
Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəy rayonunun Zəhmət kəndində həyata keçiriləcəkdir. Müvafiq icra qurumları ilə birlikdə hazırlanmış iş qrafikinə uyğun olaraq ehtiyac olan məntqələrdə sistematik olaraq xidmət təmin ediləcək.
Gələcəkdə bu xidmətin əhatə dairəsini genişləndirmək və təkminləşdirmək məqsədilə ixtisaslaşdırılmış xüsusi avtomobillərin alınması və səyyar şöbə formasında xidmətlərin göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda Bakıda və respublikanın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. 2012-ci ilin birinci rübünün yekunlarına əsasən bankın xalis aktivləri 227.1 mln. manat, kredit portfeli 154.5 mln. manat, müddətli depozit portfeli 163.4 mln. manat məcmu kapitalı isə 30.4 mln. manat təşkil etmişdir. Bank tərəfindən quraşdırılmış POS terminal sayı 7000, bankomat sayı isə 64 ədəd təşkil edir.