...

"DəmirBank" Azərbaycanda ilk dəfə AYİB-dən subordinasiya krediti cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 13:37 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.
"DəmirBank" Azərbaycanda ilk dəfə AYİB-dən subordinasiya krediti cəlb edib

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan bankı "DəmirBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

İmzalanan müqaviləyə əsasən, AYİB tərəfindən 10 il müddətinə "DəmirBank" üçün 7 milyon dollar məbləğində vəsait ayrılıb. Kreditin məqsədi ikinci dərəcəli kapitalın artımıdır və "DəmirBank" bu məbləği kiçik və orta biznesin kreditləşməsinə yönəldəcək.

"Bu müqavilə "DəmirBank" ilə AYİB arasında olan 10-cu razılaşmadır və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda verilən ilk subordinasiya kreditidir. "DəmirBank" və AYİB 1997-ci ildən əməkdaşlıq edir və ümumilikdə qurum tərəfindən 68 milyon dollar məbləğində vəsait cəlb olunub" , - bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti