Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteninin "20 Yanvar" - "Dərnəgül" sahəsinin avqustun 9-13-də bağlanması yeni metro xəttinin tikintisi çərçivəsində tunelin çəkilməsi ilə əlaqədardır. Bu barədə Trend-ə çərşənbə günü Bakı Metropolitenindən bildiriblər.
Mənbənin sözlərinə görə, tunel artıq B-1 stansiyasından ("Avtovağzal") B-2 stansiyasınadək ("Memar Əcəmi-2") çəkilib və tunelin B-3 stansiyasınadək (hərbi hospitalın yaxınlığı) çəkilməsini davam etdirmək üçün "Memar Əcəmi" (keçid stansiyası olacaq) stansiyası ərazisində işlərin aparılması lazımdır.
"Məhz buna görə də "İnşaatçılar" stansiyasından qatarların hərəkətinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edilib", - mənbə qeyd edib.
Bakı Metropolitenindən verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar metronun "20 Yanvar" - "Dərnəgül" sahəsi avqustun 9-u axşam 22:00-dan avqustun 13-ü səhər saat 06:00-dək bağlı olacaq.
"20 Yanvar" - "Dərnəgül" sahəsində 5 stansiya "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları yerləşir.
Həmin müddətdə qatarlar "İnşaatçılar" stansiyasından geri qayıdacaq.