...

Azərbaycanda müflisləşmiş “Royal Bank”ın sığortalanmış əmanətlərinin 60 faizindən çoxu qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2012 15:00 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) üç agent bank vasitəsilə fiziki şəxslərə müflisləşmiş "Royal Bank" ASC-nin sığortalanmış əmanətlərinin 60 faizindən çoxunun qaytarılması üçün kompensasiyalar ödəyiblər.
Azərbaycanda müflisləşmiş “Royal Bank”ın sığortalanmış əmanətlərinin 60 faizindən çoxu qaytarılıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) üç agent bank vasitəsilə fiziki şəxslərə müflisləşmiş "Royal Bank" ASC-nin sığortalanmış əmanətlərinin 60 faizindən çoxunun qaytarılması üçün kompensasiyalar ödəyiblər. Bu barədə bazar ertəsi Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov bildirib.

"Avqustun 1-dən "Royal Bank" ASC-nin sığortalanmış əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ADİF tərəfindən seçilən üç agent bank 9,8 milyon manat məbləğində ödəniş həyata keçirib. Ümumilikdə isə 16 milyon manat vəsaitin ödəniləcəyi güman edilir", - Cavadov bildirib.

Göstərilən məbləğdən 7,329 milyon manat milli valyutada, 2,41 milyon manat ABŞ dollarında, 60,8 min manat avroda ödənilib.

"Kompensasiyaların 77,8 faizi manatla ödənilib. Xarici valyutada kompensasiyaları əsasən qeyri-rezidentlər, milli valyutada isə Azərbaycan vətəndaşları alıblar", - Cavadov deyib.

Bu günədək 898 əmanətçi kompensasiya alıb. Onlardan 394-ü kompensasiyaları "Muğanbank"dan (ümumi məbləği 4,789 milyon manat), 278-i "AGBank"dan (3,093 milyon manat) , 226-sı "Bank Respublika"dan (1,917 milyon manat) alıblar.

Fond əsas ödənişləri avqustun 15-dək ödəməyi planlaşdırır. Ödəmə prosesi 2013-cü il iyulun 20-dək davam edəcək.

"Əmanətçilər kompensasiyalara görə müraciət etməyə tələsməməlidirlər. Kompensasiyalara görə müraciət edən şəxslər onları qısa müddətdə alacaqlar", - Cavadov deyib.

Xəbər lenti

Xəbər lenti