...

Azərbaycan sahibkarları güzəştli maliyyələşdirmənin 78 faizini mənimsəyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 16:27 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Sabirabad rayonunun Mürsəlli kəndində keçirib. Tədbirdə 120-ə yaxın sahibkar iştirak edib.
Azərbaycan sahibkarları güzəştli maliyyələşdirmənin 78 faizini mənimsəyiblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Sabirabad rayonunun Mürsəlli kəndində keçirib. Tədbirdə 120-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Saatlı rayonunda "NJT-2000" firmasının tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Sabirabad rayonunun, o cümlədən Mürsəlli kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir süd emalı, meyvə-tərəvəz emalı müəssisələrinin, heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli pambıqçılıq, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1785 investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 6900-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub. Abdullayev bildirib ki, 2012-ci ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 769 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Sabirabad və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, konserv məhsullarının istehsalı, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 250-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti