...

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 17:15 (UTC +04:00)
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekununa və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əmək bazarına nəzarətin gücləndirilməsi, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması və məşğul əhalinin dəqiq qeydiyyatının aparılması barədə verilən tapşırıqların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür.
Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekununa və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əmək bazarına nəzarətin gücləndirilməsi, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması və məşğul əhalinin dəqiq qeydiyyatının aparılması barədə verilən tapşırıqların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür.

Bununla əlaqədar olaraq, 13 iyul 2012-ci il tarixdə nazirlikdə aidiyyatı dövlət qurumlarının, sosial partnyorların nümayəndələrinin iştirakı ilə keçirilən konfransın qərarı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planının hazırlanması və onun icrasının əlaqələndirilməsi, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması üçün İşçi Qrup yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, tərkibinə müvafiq qurumların məsul və təcrübəli mütəxəssislərinin də daxil olduğu İşçi Qrup tərəfindən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bununla yanaşı, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari il sentyabrın 5-dək iş yerlərində 17 000 nəfər işçi ilə əmək müqaviləsinin bağlatdırılması təmin edilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Ümumilkdə, cari ilin 8 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4295 sahibkarlıq subyektində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib, 2248 vətəndaş müraciətinə baxılıb və müvafiq tədbirlər görülüb. Bu müddətdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı 11671 hal aşkar edilib, onlardan bir hissəsi dövlət nəzarətinin həyata keçirildiyi zaman aradan qaldırılıb, icrası müddət tələb edən pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə müvafiq göstərişlər verilərək yerinə yetirilməsi nəzarətə götürülüb.

Bu dövrdə əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş 54 nəfər öz əvvəlki işinə bərpa edilib, ödənişi işəgötürənlər tərəfindən gecikdirilmiş 305 880 manat məbləğində sosial ödənişlərin, o cümlədən 256 007 manat əmək haqqının, 27 722 manat zərər əvəzi ödəncin, 22 151 manat isə digər sosial müavinətlərin vətəndaşlara ödətdirilməsi təmin edilib. İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması məqsədilə görülmüş işlər artıq öz bəhrəsini verir.

Belə ki, cari ilin 8 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə 179-dan 136-ya, bu hadisələr zamanı dünyasını dəyişənlərin sayı 68-dən 49-a, xəsarət alanların sayı isə 136-dan 107-yə enib.

Xəbər lenti

Xəbər lenti