...

Azərbaycan və Sloveniya qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında sazişin imzalanmasını sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 14:07 (UTC +04:00)
Azərbaycan və Sloveniya qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında sazişin razılaşdırılması və imzalanmasını sürətləndirəcək.
Azərbaycan və Sloveniya qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında sazişin imzalanmasını sürətləndirəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Sloveniya qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında sazişin razılaşdırılması və imzalanmasını sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Sloveniya işgüzar görüşündəki çıxışında deyib.

Sloveniya nümayəndə heyətinə Baş nazirin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav başçılıq edir.

Mustafayevin sözlərinə görə, bunadək Zerjav ilə keçirdiyi ikitərəfli görüşdə tərəflər əlavə sazişlərin imzalanmasını sürətləndirmək haqqında razılığa gəliblər.

"Azərbaycan Sloveniya da daxil olmaqla, Avropa İttifaqı (Aİ) ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Hazırda Azərbaycandan ixrac edilən məhsulların 50 faizdən çoxu Aİ-yə göndərilir. Bu baxımdan Sloveniya ilə əməkdaşlığı inkişaf etdirmək çox vacibdir", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, iqtisadi sahədə birgə işin nəticələri hələlik ikitərəfli münasibətlərin bütün potensialını əks etdirmir.

"Azərbaycan və Sloveniya arasında əmtəə dövriyyəsi hazırda böyük deyil. Qarşılıqlı ticarət göstəricilərində müəyyən artım müşahidə edilir, lakin başlanğıc baza kiçikdir", - Mustafayev vurğulayıb.

Nazirin sözlərinə görə, iki ölkə arasında əlaqələrin inkişafı üçün perspektivli sahələr tikinti, layihələşdirmə, turizm, alternativ enerji mənbələri, informasiya-kommunikasiya texnologiyalarıdır.

Görüşdə hər iki tərəf ölkələrinin investisiya imkanlarını nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti