...

Azərbaycanda üç beynəlxalq sərgi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 16:06 (UTC +04:00)
Sentyabrın 27-dən 29-dək Azərbaycan paytaxtı Bakı şəhərində illik Azərbaycan Beynəlxalq Səhiyyə ("BIHE-2012") sərgisi keçiriləcək. Regionun yeganə tibb və səhiyyə sərgisi olan "BIHE" dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məmulat istehsalçıları, fəaliyyətdə olan həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühüm görüş məkanına çevrilib.
Azərbaycanda üç beynəlxalq sərgi keçiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 27-dən 29-dək Azərbaycan paytaxtı Bakı şəhərində illik Azərbaycan Beynəlxalq Səhiyyə ("BIHE-2012") sərgisi keçiriləcək. Regionun yeganə tibb və səhiyyə sərgisi olan "BIHE" dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məmulat istehsalçıları, fəaliyyətdə olan həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühüm görüş məkanına çevrilib.

"BIHE" sərgisi təsis edildiyi gündən etibarən Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Həmçinin, sərgiyə Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək göstərilir ki, bu da sərginin yüksək statusunu bir daha təsdiqləyir. "BIHE" sərgisi altıncı ildir ki, Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına layiq görülür və bu, sərginin beynəlxalq standartlara cavab verdiyinə sübutdur.

Bu il "BIHE" Azərbaycan beynəlxalq səhiyyə sərgisi 16 ölkədən 107 iştirakçını bir araya gətirıb. Azərbaycan, Belçika, Belarus, Rusiya, İran, Türkiyə şirkətləri sərgi çərçivəsində müasir səhiyyə sahəsi üçün zəruri və tələb olunan ən yeni texnologiyaları nümayiş etdirəcəklər. "BIHE-2012" sərgisində Banqladeş debütant ölkə kimi iştirak edir. Bütövlükdə isə "BIHE" eksponentlərinin 40 faizini yerli şirkətlər, 60 faizini isə xarici şirkətlər təşkil edirlər. Həmçinin, bu il sərgi təqdim olunan məhsulların çeşidini xeyli genişləndirib. Belə ki, "BIHE-2012" sərgisi tibbi məhsul və xidmətlərin geniş spektrini - tibbi və laboratoriya avadanlıqlarını, əczaçılıq preparatlarını, dezinfeksiya vasitələrini, ortopedik məhsulları, tibbi mebeli, klinikalar üçün proqram təminatını və tibbi geyimləri təqdim edir. Sərgidə tibb müəssisələri üçün toxuculuq məhsulları da təqdim olunur. Əczaçılıq bölməsində isə Rusiya Federasiyası, İran, Belarus, Suriya və Banqladeş şirkətləri rəqabət aparırlar.

"BIHE-2012" sərgisinin fərqləndirici xüsusiyyəti klinika müəssisələrinin geniş ekspozisiyasından ibarətdir. Bu bölmədə Türkiyə təmsilçiləri böyük fəallıq göstərirlər. Belə ki, sərgidə Türkiyənin 5 müalicə və diaqnostika müəssisəsi iştirak edir. Bundan başqa, sərginin tarixində ilk dəfə olaraq, əksər Türkiyə klinikalarının üzv olduqları Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi ayrıca stendlə iştirak edir. Bu il Belçikanın aparıcı xəstəxanaları tərəfindən yaradılmış və beynəlxalq əməkdaşlıq üçün cavabdeh olan "Healthcare Belgium" təşkilatı da sərgidə ilk dəfə iştirak edir.

"BIHE" sərgisi ilə yanaşı, sentyabr ayının 27-dən 29-dək daha iki tədbir - 7-ci Azərbaycan Beynəlxalq Stomatologiya ("Stomatology Azerbaijan-2012") sərgisi və 6-cı Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb ("Beauty Azerbaijan-2012") sərgisi keçiriləcək.

"Stomatology Azerbaijan-2012" sərgisi çərçivəsində iştirakçılar implantologiya və dişlərin ağardılması sahəsində ən yeni texnologiyaları nümayiş etdirəcəklər. Beləliklə, sərgi bu il də istehsalçılar və istehlakçılar, habelə tibbi məmulat və dərman vasitələrinin təchizatçıları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün səmərəli platformaya, eləcə də tibb sahəsindəki mövcud təmayüllərin geniş mütəxəssis dairəsinə nümayiş etdirildiyi unikal məkana çevriləcək ki, bu da müalicə bazasının müasir diaqnostika və müalicə avadanlıqları ilə yenilənməsinə və ölkədə tibbi xidmətlərin keyfiyyət baxımından yaxşılaşdırılmasına kömək edəcək.

Sərginin sponsoru "HB Co Ltd." şirkətidir. Sərginin təşkilatçıları "Iteca Caspian LLC" və "ITE Group Plc" şirkətləridir. 2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində "Nar Mobile" mobil rabitə operatoru (kommunikasiya tərəfdaşı), "AZAL" şirkəti (rəsmi hava daşıyıcısı), "Hilton Baku" və "Qafqaz Poynt Hotel" mehmanxanaları (rəsmi otellər), habelə "Greenwich Travel Club" şirkəti (rəsmi turoperator) çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti