...

Azərbaycanda ilk market-meyker institutu yaranacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2012 12:43 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) market-meyker fəaliyyətinə marağının olduğunu rəsmən bildirən bir sıra bazar iştirakçıları ilə danışıqlara başlayıb.
Azərbaycanda ilk market-meyker institutu yaranacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakı Fond Birjası (BFB) market-meyker fəaliyyətinə marağının olduğunu rəsmən bildirən bir sıra bazar iştirakçıları ilə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü BFB-nin saytında yerləşdirilən məlumatda deyilir.

"İlin sonunadək bazara ilk rəsmi market-meyker institutunun təqdim edilməsi gözlənilir", - məlumatda deyilir.

Avqustun 15-də BFB-nin market-meyker fəaliyyətinə dair daxili qaydaları birjanın Müşahidə Şurası tərəfindən təsdiq olunub. Yeni qaydalar BFB-də market-meyker institunun yaradılması və onun fəliyyətinin tənzimlənməsinə xidmət edir. Eyni zamanda, market-meyker fəaliyyəti üzrə xüsusi tariflər hazırlanır.

Qaydalara əsasən "Market-meyker" - Birjada mütəmadi olaraq öz hesabına və Birja ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özü tərəfindən müəyyənləşdirilmiş qiymətlərlə öz vəsaitləri hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirən, Birjanın İdarə Heyəti tərəfindən market-meyker səlahiyyətləri verilmiş Birja üzvü və ya Birja üzvü ilə müvafiq qaydada müqavilə bağlamış hüquqi şəxsdir.

Qaydalara paralel olaraq, BFB-nin Ticarət Sistemində ikitərəfli kotirovkaların təqdim edilməsi, market-meyker öhdəliklərinin monitorinqi bloku, yenilənmiş sifarişlər pəncərəsi və hesabatlılıq modulu, həmçinin market-meyker qaydalarından irəli gələn bir sıra digər proqram-texniki yeniliklər artıq hazrlanıb və hal-hazırda yeni funksionallıq üzrə beta sınaq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti