Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
2012-ci ilin doqquz ayında Azərbaycanın tikinti kompleksində dinamik inkişaf davam edib, bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4 faiz çox vəsait yönəldilib, onun 79,4 faizi daxili mənbələr hesabına təmin edilib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sərf edilmiş sərmayələrin 44,1 faizi məhsul istehsalı, 55,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,9 faizini təşkil edib.
Cari ilin ötən dövrü ərzində Bakı, Naxçıvan, Sumqayıt şəhərlərində, Ağsu, Astara, Balakən, Cəlilabad, Gədəbəy, Goranboy, Qazax, Quba, Qusar, Masallı, Siyəzən, Şəki, Tovuz rayonlarında bir sıra obyektlər istifadəyə verilib.
Bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1197,8 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 831 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 24972 şagird yerlik ümumtəhsil məktəbi, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilib.