Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir C.Nəsibova/
Bosniya və Herseqovina böyük iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malikdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən biznes forumda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç deyib.
"İnvestisiyalar üçün daha perspektiv sektorlardan biri elektrik enerjisi sektorudur. Bundan başqa, biz tezliklə NATO və Avropa İttifaqına daxil olmağı planlaşdırırıq ki, buna görə də indi Bosniya və Herseqovinada sərmayə yatırmaq üçün yaxşı dövrdür", - İzetbeqoviç bildirib.
Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev iş adamları arasında əlaqələrin qurulması üçün əlverişli siyasi zəminin olduğunu, Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və bu əlaqələrin inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana səfərinin də əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Nazir biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.
"Bakıda bu gün hökumətlərarası sazişlərin imzalanması Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına təsir göstərəcək. Biznes forum ikitərəfli əməkdaşlığın yeni istiqamətinə baxmağa da imkan verir", - nazir deyib.
Bosniya və Herseqovinanın Xarici Ticarət Palatasının vitse-prezidenti Veselin Poljaseviç çıxışında iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Bosniya və Herseqovina və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
AZPROMO-nun nümayəndəsi Qədir Hüseynov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Bosniya və Herseqovinanın İxracın Təşviqi Agentliyinin direktoru Enes Aliskovic isə ölkəsinin investisiya mühiti, ixrac və idxal imkanları barədə təqdimatlarla çıxış ediblər.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.