...

İstehlakçı hüquqlarının müdafiəsinə dair seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 16:09 (UTC +04:00)
Bu gün Bakı Humanitar Kollecində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti seminar keçirilib. Tədbirdə təhsil müəssisəsinin 250-yə yaxın müəllim və tələbəsi iştirak edib.
İstehlakçı hüquqlarının müdafiəsinə dair seminar keçirilib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün Bakı Humanitar Kollecində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti seminar keçirilib. Tədbirdə təhsil müəssisəsinin 250-yə yaxın müəllim və tələbəsi iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat verib.

Tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 150 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Hazırda da KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc olunur, birgə televiziya verilişləri hazırlanır.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində seminar iştirakçılarının istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti