Azərbaycan, Bakı, 3 dekabr /Trend/
İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin yanvar-oktyabr aylarında da makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkə iqtisadiyyatının diversifikasiyası daha da sürətlənib, ÜDM-də qeyri-neft sektorunun dinamik inkişafı davam etdirilib və onun ÜDM-də xüsusi çəkisi artıb, sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilib, sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilib, iqtisadiyyata investisiya qoyuluşu artıb, qeyri-neft ixracı sürətlənib. Bu dövrdə kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, sosial layihələrin icrası və s. sahələrdə bir çox işlərin görüldüyünü diqqətə çatdıran nazir əsas makroiqtisadi göstəricilər barədə də məlumat verib.
Sonra kollegiyanın gündəliyindəki məsələlərlə - mənzil-kommunal təsərrüfatı sahəsində islahatlara dəstək mexanizmlərinin yaradılması ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr, Sumqayıt Kimya Sənaye Parkının yaradılması sahəsində həyata keçirilən tədbirlərlə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib. Qeyd edilib ki, ölkədə uğurla davam etdirilən iqtisadi islahatlar çərçivəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında geniş əhəmiyyət kəsb edən Mənzil Məcəlləsi qəbul edilib. Bundan başqa, mənzil fondunun idarə edilməsində yeni yanaşmanın tətbiqi istiqamətində bir sıra qanunverici sənədlərin layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib və bu sahədə tədbirlər hazırda da davam etdirilir.
İclasda mənzil fondunun idarə edilməsi sahəsində pilot layihələrin icrasının və Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının vacibliyi qeyd edilib.
Kollegiya iclasında hazırda Azərbaycanda müasir sənaye müəssisələrinin və texnoparkların, o cümlədən Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının təşkili istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib. Bu layihələrin reallaşdırılması ölkədə sənayeləşmə prosesinin daha da sürətlənməsində, iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqində, müasir standartlara cavab verən məhsulların istehsalında əhəmiyyətli rol oynayacaq. İclasında Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində görülən işlərə dair hesabat dinlənilib, sənaye parklarında peşə təhsilinin təşkilinin vacibliyi vurğulanıb.
İclasda İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri görülmüş işlər barədə məlumat veriblər.
Kollegiya iclasını yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.