Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC bu ilin sonunadək yükdaşımalar sahəsində elektron xidmətlərin tətbiqi prosesini başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-nin sədr müavini Qurban Nəzirov "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet saytının yenilənmiş versiyasının təqdimatında deyib.
Onun sözlərinə görə, elektron xidmətlər, xüsusilə ümumi dəmiryolu şəbəkəsində yük vaqonunun dislokasiyası və yerinin müəyyənləşdirilməsi imkanını əhatə edəcək.
Həmçinin onlayn xidmətlər marşrut və məsafədən asılı olaraq tarifin müəyyənləşdirilməsi, yüklərin daşınması üçün zəruri olan vaqonların sifarişi məqsədilə onlayn müraciət imkanı kimi xidmət növlərini əhatə edəcək.
Nəzirov qeyd edib ki, bütün bunlar dəmir yolu üzrə yüklərin daşınması prosesini asanlaşdıracaq və sürətləndirəcək.
QSC bunadək biletlərin onlayn satışı sistemini tətbiq edib.
Nəzirovun sözlərinə görə, internet saytının yenilənməsi çərçivəsində bütün zəruri işlər görülüb. Məqsəd istifadəçilərin sayta çıxışını asanlaşdırmaq və onların daha çox məlumat əldə etməsini təmin etməkdir.