Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir C.Nəsibova/
Bu gün "Bank VTB" (Azərbaycan) ASC-nin Bakının Nərimanov rayonu ərazisində yerləşən yeni filialı rəsmən fəaliyyətə başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, yeni filial Ə.Rəcəbli küçəsi, 3 ünvanında yerləşir.
Ötən həftə lisenziya almış və "Bank VTB" (Azərbaycan) ASC-nin sayca ikinci filialı istehlak kreditləri (avtokreditlər, nağd kreditlər), mikrokreditlər, sürətli pul köçürmələri (həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda), depozitlər və s. kimi geniş çeşidli bank xidmətləri göstərəcək.
Filial şəbəkəsinin inkişaf etdirilməsi növbəti illərdə də yeni filiallarının açılışını planlaşdıran "Bank VTB" (Azərbaycan) ASC-nin siyasətinə uyğun olaraq həyata keçirilir. Bu, "Bank VTB"-yə müştərilərini və ölkə əhalisini keyfiyyətli bank xidmətləri ilə təmin etməyə imkan verəcək.
2009-cu ildən etibarən ölkədə fəaliyyət göstərən "Bank VTB" (Azərbaycan) ASC (162№-li bank lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən 11 mart 2009-cu ildə verilib) "Bank VTB" ASC-nin törəmə bankıdır. Rusiyanın bank bazarında VTB qrupu bütün əsas göstəricilər üzrə ikinci yeri tutur. "Bank VTB" ASC Rusiya bankları arasında Moody`s Investors Service, Standard & Poor`s və Fitch kimi beynəlxalq reytinq agentliklərinin verdiyi ən yüksək reytinqə layiq görülüb.