Azərbaycan, Bakı, 20 dekabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Sabunçu, Nizami rayonlarında, Sumqayıt şəhərində, eləcə də Abşeron, Tərtər, Ucar, Kürdəmir rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 330 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.