Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/
2012-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında qarşılıqlı əmtəə dövriyyəsi 3 milyard dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin azərbaycanlı jurnalistlərlə keçirilən ənənəvi görüşdə bildirib.
Səfir görüşdə Rusiyaya qarşı diqqətə görə Azərbaycan mətbuatına təşəkkür edib.
Doroxin KİV-in strateji tərəfdaşlıq səviyyəsinə çatan ölkələr kimi Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirib.
"Rusiyada siyasi həyatın fəallaşması, vətəndaş cəmiyyətinin təşəkkülü, son illər əldə edilən sosial nailiyyətlərin qorunması prosesi gedir. Bütün bunlar Azərbaycan mətbuatında da öz əksini tapır", - səfir qeyd edib.
Doroxin vurğulayıb ki, heç də həmişə Azərbaycan KİV-də yayılan məlumatlarla razılaşmır.
"Lakin biz azad söz və mətbuat prinsiplərini qəbul edirik, eləcə də bunlara sakit yanaşırıq. Faktlara qarşı hörmət əsasdır", - səfir bildirib.
Sonra Doroxin "Mir" Dövlətlərarası Teleradio Şirkətinin nümayəndələrinə ikitərəfli əməkdaşlığın fəal işıqlandırılmasına görə diplomlar təqdim edib.