Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Bayramqabağı satış yarmarkalarının təşkili artıq ənənə halı alıb. Yeni il bayramı ərəfəsində də dekabrın 28-dən başlayaraq Bakının 7 rayonunda 9 ünvanda - Binəqədi rayonunda Dərnəgüldəki 6 saylı peşə litseyinin həyətində, Xətai rayonunda "Bakı" kinoteatrının yanında, Nərimanov rayonunda "Bakı Taxıl" ASC-nin ərazisində, Nəsimi rayonunda "Təzə bazar"ın və 3-cü mikrorayondakı "Tovuz-Baltiya LTD"nin ərazisində, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanında, Suraxanı rayonunda Əmircan qəsəbəsində Səttar Bəhlulzadə küçəsində və Günəşli qəsəbəsindəki "Günəş" ticarət mərkəzinin yanında, Yasamal rayonunda Bakı Rabitə və Nəqliyyat kollecinin yanında bayram yarmarkaları təşkil edilib.
Yarmarkalarda aparılan müşahidələr zamanı satışa çox müxtəlif çeşidli ərzaq və kənd təsərrüfat məhsulları çıxarıldığını, satışa çıxarılmış məhsulların tərkibində yerli istehsal məhsullarının üstünlük təşkil etdiyinı, satışda olan bütün malların üzərində qiymət kağızlarının qoyulduğunu, yarmarkalarda qiymətlərin bazarlarla müqayisədə 15-30% ucuz olduğunu, yarmarkalardan çoxsaylı istehlakşıların yararlandığının şahidi olduq.
Digər bazarlarda bu günlərdə pomidorun 1 kq-nın qiymətı 1 manat 30 qəpikdən 3,5 manatadək olduğu halda, yarmarkalarda 80 qəpik-2 manat arasında, xiyarın 1 kq-nın qiymətı 80 qəpikdən 3 manatadək olduğu halda, yarmarkalarda 60 qəpik-2 manat arasında, almanın 1 kq-nın qiymətı 30 qəpikdən 3 manatadək olduğu halda, yarmarkalarda 25 qəpik-2 manat arasında, mandarinin 1 kq-nın qiyməti 80 qəpikdən 2,5 manatadək olduğu halda, yarmarkalarda 60 qəpikdən 1,5 manat arasında, portağalın 1 kq-nın qiyməti 1,30-3 manat olduğu halda, yarmarkalarda 80qəpik 1,50 manat arasında və s. təkilif olunur.
Bundan başqa, yarmarkalarda mal əti 5,50 manata, qoyun əti 6 manata satılır. Satışa çıxarılmış bütün digər mallar üzrə də qiymətlərin aşağı olduğu müşahidə edilir.
Qiymətlərin aşağı olduğunu həm satıcılar, həm də alıcılar təsdiq edirlər.
İqtisadi İnkişaf Nazirliyindən Trend-ə verilən məlumata görə, yarmarkalara məhsullar birbaşa sahibkarlar tərəfindən çıxarılır, yarmarkaların işinə müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarət edilir. Satış yarmarkaları dekabrın 31-i də daxil olmaqla 4 gün davam edəcəkdir. Nazirlikdə hesab edirlər ki, bayramlar ərəfəsində və bayram günlərində bu cür tədbirlərin keçirilməsi əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının artırılmasına, eləcə də süni qiymət artımının qarşısının alınmasına xidmət edir.