...

Dövlət Neft Fondu daşınmaz əmlaka yatırımların coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 15:06 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə, Sinqapur, İndoneziya və Malayziyada daşınmaz əmlakın alınması imkanlarını nəzərdən keçirir.
Dövlət Neft Fondu daşınmaz əmlaka yatırımların coğrafiyasını genişləndirir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə, Sinqapur, İndoneziya və Malayziyada daşınmaz əmlakın alınması imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə günü Trend-ə ARDNF-dən bildiriblər.

Fonddan deyildiyi kimi, o cümlədən İstanbulda və Sinqapur, İndoneziya və Malayziyanın mərkəzi şəhərlərində daşınmaz əmlakın alınması variantları nəzərdən keçirilir.

"Hazırda bütün variantlara baxılır, təhlil edilir və qiymətləndirilir. Bu istiqamətdə aparılan araşdırmaların nəticələrindən asılı olaraq və 2013-cü ildə Fondun investisiya strategiyasına uyğun olaraq, yekun qərar qəbul ediləcək", - Fonddan bildirilib.

Fonddan deyildiyi kimi, hazırkı mərhələdə ARDNF ofis daşınmaz əmlakın alınması variantlarına baxır.

"Bununla bağlı Avropa və Rusiyada Fond tərəfindən alınmış mülklər barədə mühakimə yürütmək olar. Əsas məqsəd bu mülklərin icarəyə verilməsindən gəlirlərin əldə olunmasıdır", - Fonddan bildiriblər.

ARDNF-nin investisiya strategiyasına uyğun olaraq, ötən ildən ilk dəfə olaraq Fondun investisiya portfelinin beş faizə qədəri səhmlərə, beş faizə qədəri daşınmaz əmlaka, beş faizə qədəri isə qızıla yatırıla bilər.

Moskvanın Puşkin meydanında ticarət-ofis mərkəzi "Qalereya Aktyor" ARDNF-nin sonuncu alqı-satqısı olub. Sazişin dəyəri 133 milyon dollar təşkil edib. Həmçinin, bundan əvvəl ARDNF Londonda (177,35 milyon funt sterlinq) və Parisdə (135 milyon avro) mülkün alındığını elan edib.

2013-cü ildə ARDNF-nin investisiya portfelinin proqnozlaşdırılan ümumi dəyəri (orta çəkili həcmi) 25,2 milyard manat səviyyəsində müəyyən edilib, halbuki bu, 2012-ci ilin sonuna 23 milyard manat səviyyəsində proqnozlaşdırılırdı.

Məlumata görə, dekabrın 1-nə Neft Fondunun aktivləri 33 895 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti