...

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 15:31 (UTC +04:00)
Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Belə ki, Konfransda 2013-cü ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həll edilməsi, infrastruktur layihələrinin davam etdirilməsi, magistral və kənd yollarının tikintisi və əsaslı təmiri, elektrik stansiyalarının, o cümlədən çaylarda kiçik su elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrindən daha geniş istifadə, sənayeləşmə siyasətinin davam etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi və digər vəzifələr müəyyənləşdirilib.

Konfransda, həmçinin kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə, inşaat materialları istehsalının dəstəklənməsinə, yeni ixrac imkanlarının araşdırılmasına, qarşıdakı illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanmasına dair göstərişlər verilib. Dövlət başçısı konfransda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılmasını, yeni torpaq sahələrinin dövriyyəyə buraxılmasını, rayonların xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması barədə təkliflərin hazırlanmasını, fermerlərə dövlət dəstəyinin gücləndirilməsini və fermerlərin elektron qeydiyyat sisteminin, logistika və tədarük mərkəzlərinin yaradılmasını, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsini, aqroparkların yaradılmasını tapşırıb. Dövlət başçısı vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə, ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə də müvafiq tapşırıqlar verib.

İqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev konfransda dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib, konkret müddət və icraçılar göstərilməklə tədbirlər planının hazırlanması, növbəti kollegiya iclasında müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin "Sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması", "Sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması"nın təsdiq edilməsi və digər cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti