Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T.Cəfərov/
Azərbaycanlı investorlar və iş adamları Mazandaran vilayətində neft və kənd təsərrüfatı sahələrinə investisiya yatıra bilərlər. Bunu Trend-ə İranın Mazandaran vilayətinin başçısı Əli Əkbər Tahayi deyib.
Tahayi azərbaycanlı investor və iş adamlarını Mazandaran əyalətində neft emalı zavodunun (NEZ) tikintisinə investisiya yatırmağa çağırıb.
"Azərbaycanlı sərmayəçiləri Mazandaranda investisiya yatırmağa dəvət edirik. Azərbaycanda və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamları Mazandaranda müstəqil şəkildə və ya iranlı iş adamları ilə müştərək investisiya yatıra bilərlər", - Tahayi bildirib.
O deyib ki, Mazandaran vilayətində sutkada 200 min barel həcmində neft emalı gücünə malik olan NEZ-in tikintisi nəzərdə tutulur ki, azərbaycanlı iş adamları bura sərmayə yatıra bilərlər.
"Bu NEZ-in tikintisi üçün dövlət tərəfindən 200 hektar yer ayrılıb. Ekologiya Nazirliyi zavodun tikintisinə icazə verib və burada sərmayə yatırmaq üçün hər bir şərait mövcuddur", - vilayət başçısı qeyd edib.
Tahayi Mazandaran vilayətində kənd təsərrüfatı sahəsində, eləcə də dənizdə qəfəs içərisində nərə balıqlarının və digər balıqların yetişdirilməsi sahəsində sərmayələr yatırmaq üçün geniş potensialın olduğunu bildirib.
"İranın quşçuluq məhsullarının istehsalı sahəsində Mazandaran vilayəti 11 faiz paya malikdir. Vilayətdə ildə 180 min ton toyuq istehsal olunur. Azərbaycanlı tacirlər və investorlar quşçuluq təsərrüfatı üçün yem məhsulları, qarğıdalı və soyanın təmin olunmasında da sərmayələr yatıra bilərlər", - Tahayi bildirib.
O, Mazandaran vilayəti ilə Azərbaycanın İranla sərhədyanı və digər rayonları arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Tahayi deyib ki, Mazandaran vilayətindən Azərbaycana əsasən sement ixrac olunur.
"Mazandaran vilayətinin "Neka" sement zavodu ölkənin şimal rayonları arasında sement istehsal edən ən böyük zavoddur. Bu zavod sutkada 10 000 ton sement istehsal edir. Zavodun istehsal etdiyi sementin bir hissəsi Azərbaycana, eləcə də Azərbaycan vasitəsilə digər qonşu ölkələrə, o cümlədən Rusiya və Gürcüstana ixrac olunur", - o bildirib.
Tahayi sementdən başqa, Mazandaran vilayətindən Azərbaycana gül, bitkilər, sitrus meyvələri və sənaye məhsullarının da ixrac olunduğunu deyib.
Tahayi həmçinin, yük və sərnişin daşımaları məqsədilə Bakı ilə İranın Sari, Rəşt və Qorqan şəhərləri arasında hava və gəmi reyslərinin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib.
O, əlavə edib ki, Azərbaycan İran üçün önəmli qonşu və qardaş ölkədir. İran və Azərbaycan arasında onları bir-birinə bağlayan oxşarlıqlar mövcuddur və bu bağlılıqlar çox qədim tarixə malikdir. Tahayi Azərbaycanda çoxlu dəyişikliklərin olduğunu və ölkənin son illər ərzində inkişaf etdiyini vurğulayıb.
"Mən 1992-ci ildə Gilan vilayətinin başçısı olduğum dövrdən Azərbaycanla əlaqələrin inkişafı sahəsində fəaliyyətimi davam etdirirəm. Həmin dövrdə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi gedirdi, xeyli sayda qardaşlarımız Azərbaycanda şəhid olmuşdu, ölkədə problemlər mövcud idi, un istehsal edən zavodlar işləmirdi və digər problemlər var idi. Həmin dövrdə Azərbaycana yardım kimi Gilan vilayətindən un və digər ərzaq məhsulları göndərmişdik. Bu gün Azərbaycanı görəndə isə burada xeyli dəyişikliklərin baş verdiyinin şahidiyik. Bugünkü Azərbaycan çox inkişaf edib və bir çox sahələrdə, o cümlədən yol tikintisi, hava limanları və hotellərin tikintisi sahəsində və digər sahələrdə çoxlu nailiyyət əldə olunub və işlər görülüb", - Tahayi bildirib.