Azərbaycan, Bakı,14 mart /Trend, müxbir H. Vəliyev/
Azərbaycanda Rumıniya Ticarət Palatasının açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına yardım edir. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rumıniya biznes forum zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı əmtəə dövriyyəsinin mövcud səviyyəsi dövlətlərin poetansialını əks etdirmir. 2012-ci ildə Azərbaycan və Rumıniya arasında xarici ticarət dövriyyəsi 23 faizdən çox artıb.
"Buna baxmayaraq, iki ölkənin potensialına uyğun olaraq, xarici ticarət əlaqələrinin genişləndirilməsi üçün daha böyük imkanlar mövcuddur və bunun üçün hər cür şərait var" , - nazir qeyd edib.
Mustafayev hesab edir ki, Rumıniya və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsində, həmçinin hökumətlərarası komissiya böyük rol oynayır.
"İndiyədək hökumətlərarası komissiyanın dörd iclası keçirilib. Güman edirəm ki, yaxın vaxtlarda növbəti iclas Buxarestdə təşkil ediləcək. Bu iclas çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə vacib məsələlərin müzakirəsi planlaşdırılır", - nazir deyib.