...

Sumqayıtda fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi 80 faizə yüksəlib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 km su xətləri yeniləri ilə əvəz edilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23 824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi 80 faizə yüksəlməklə 213 min nəfərə çatıb. Fasiləsiz rejimə keçidlə əlaqədar 21 nasosxananın fəaliyyəti dayandırılıb.

Su təchizatı ilə paralel olaraq şəhərin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. 2012-ci ilin sonunda yeni nasos stansiyasının istismara verilməsi ilə Sumqayıt şəhərinin "Köhnə şəhər" yaşayış sahəsinin çirkab sularının Sumqayıt Təmizləyici Qurğusuna ötürülməsi təmin edilib, bununla da qurğuda sutka ərzində emal olunan çirkab suyun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatıb.

Ümumi uzunluğu 9 km, diametri 1200-1600 mm olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərində toplanan bütün çirkab sular təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaq. Hazırda qurğunun sutkalıq məhsuldarlığı 72 min kubmetrdir və gələcəkdə bu göstərici 100 min kubmetrə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti