...

Almaniyanın KfW bankı Azərbaycanda su təchizatı sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2013 17:22 (UTC +04:00)
Almaniyanın KfW bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin rəhbərliyi ilə bankın missiyası Azərbaycanda səfərdədir.
Almaniyanın KfW bankı Azərbaycanda su təchizatı sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcək (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Almaniyanın KfW bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin rəhbərliyi ilə bankın missiyası Azərbaycanda səfərdədir. Azərbaycan hökuməti ilə bankın birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin icrası məsələlərini müzakirə etmək məqsədilə iyunun 6-da "Azərsu" ASC-də bankın nümayəndə heyəti ilə görüş keçirilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərsu" sədri Qorxmaz Hüseynov ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə qonaqlara məlumat verib, bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Almaniyanın KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt bu əməkdaşlığı yüksək qiymətləndirərək təmsil etdiyi qurumun Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcəyini diqqətə çatdırıb.

Görüşdə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin vəziyyəti və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər və maliyyələşmə məsələləri müzakirə edilib.

Azərbaycan hökuməti ilə Almaniyanın KfW bankının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə və Şəki şəhərlərində su mənbəyinin bərpası, magistral xətlərin və su anbarlarının tikintisi işləri həyata keçirilib.

20 dekabr 2012-ci il tarixdə "Açıq Kommunal İnfrastruktur Proqramı II" üzrə imzalanmış sazişlərə əsasən, bank Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi üçün 102 milyon avro (100 milyon avro kredit, 2 milyon avro qrant) ayırıb. Bu vəsaitin 43 milyonu Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 milyonu isə hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaq. 2 milyon avro məbləğində qrant isə Gəncə və Şəki Sukanal idarələrinin 2 il müddətinə idarə olunmasına yönəldiləcək. Layihənin icrası tam başa çatdıqdan sonra hər 2 şəhərdə ümumilikdə 500 min nəfər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti