...

Şəmkirdə sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 15:25 (UTC +04:00)
İyunun 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Şəmkir rayonunun Düyərli kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Şəmkirdə sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şəmkir rayonunun Düyərli kəndində keçirib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Şəmkir rayonunun Sarıtəpə kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış ildə 2 milyon ədəd dekorativ gül istehsal etmək gücü olan istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan soyuducu anbar kompleksinin, müasir çörək istehsalı, üzümqurutma və meyvə-tərəvəz emalı müəssisələrinin, istixana və üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində SKMF-nin vəsaitləri hesabına 1825 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 164,2 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda 3050-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 107,7 milyon manat güzəştli kredit verilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkara 695,5 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, tərəvəzçilik, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Verilmiş kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti