Azərbaycan, Bakı, 29 iyun /Trend/
İyunun 28-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 3-cü görüşü keçirilib.Bu barədə şənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin investisiya agentlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan tərəfdən Memorandumu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov imzalayıb.
Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan 3-cü dəfə təşkil olunan görüşün əhəmiyyətini vurğulamış, görüşün türkdilli dövlətlərin dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib. Zəfər Çağlayan Türkiyə iqtisadiyyatı, üzv ölkələr arasında mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat vermiş və türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsinin regionun inkişafında faydalı olacağını bildirib.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanın türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşkilatın sammitlərində bunu dəfələrlə bəyan etdiyini vurğulamış, dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq, bu ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrin inkişafına dəstək göstərildiyini qeyd edib.
Şahin Mustafayev quruma üzv olan ölkələrin bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar münasibətlərdə uğurlu qarşılıqlı əməkdaşlıq etdiyini, ortaq din, dil və mədəni köklərə malik ölkələrimizin daha da yaxınlaşmasında TÜRKSOY-un, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Parlament Assambleyasının, Ağsaqqallar Şurasının, Biznes Şurasının və digər bu kimi qurumların səmərəli fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, dünya iqtisadiyyatında böhran proseslərinə baxmayaraq, təşkilatın üzv ölkələrində sabit iqtisadi artım müşahidə olunur, bu iqtisadi uğurlara Azərbaycan da böyük töhfə verir. Məqsədyönlü, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. İqtisadi inkişaf naziri bütün bunların nəticəsi olaraq qazanılmış uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir regional əməkdaşlığın inkişafına yeganə və ən böyük maneənin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin, qonşu ölkələrə ərazi iddialarının olduğunu bir daha diqqətə çatdırıb.
Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbalat Dosayev, Qırğızıstanın iqtisadiyyat və rəqabət siyasəti naziri Temir Sariyev ölkələrinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində yaxından iştirak etdiyini, üzv ölkələrin birgə səyi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.