...

Bakının ətraf qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 16:30 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Bakının ətraf qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamla təsdiqlədiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanı qəsəbəsinə qədər olan hissəsinin istismara verilməsi Abşeron yarımadasının bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsinə imkan yaradıb.

Ceyranbatan sutəmizləyici qurğular kompleksinin mövcud imkanlarından istifadə etməklə müqəddəs Ramazan ayı ərəfəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı xəttinin Balaxanıya qədər hazır hissəsi ilə Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsinə başlanıb. Bununla da uzun müddətdir içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilib. Beləliklə, yeni mənbədən içməli suyun verilməsi ilə Mehdiabad qəsəbəsində 4270, Digah qəsəbəsində 2960, Gülüstan yaşayış massivində isə 1000-dən artıq sakinin 24 saat fasiləsiz su təchizatı təmin olunub. Bununla yanaşı, yeni ünvanların şəbəkəyə qoşulması işləri davam etdirilir və bunların nəticəsi olaraq, Mehdibad və Digah qəsəbələrində, eləcə də Gülüstan yaşayış massivində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 10 min nəfərdən artıq olacaq. Layihə çərçivəsində hər bir abunəçi smart-kart sayğacla təmin olunur.

"Azərsu" ASC-nin tədbirlər proqramına uyğun olaraq, cari ilin iyul-avqust aylarında Məhəmmədli, Balaxanı, 1-ci və 2-ci Zabrat, Sabunçu qəsəbələrinə də suyun verilməsi planlaşdırılır. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanıdan Qala qəsəbəsinə qədər olan hissəsinin tikintisi avqust ayında tamamlanacaq. Buna qədər Ramana və Qala qəsəbəsində anbar komplekslərinin inşası da başa çatdırılacaq.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 qəsəbəsində su və kanalizasiya layihələri icra olunur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral xəttinin tikintisi, həmçinin qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması işləri başa çatdıqdan sonra Abşeron yarımadasında 1 milyondan artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti