Azərbaycan, Bakı, 12 iyul /Trend/
Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev Amerikanın Qarabağ Fondunun icraçı direktoru Dayana Altmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bankdan Trend-ə verilən məlumata görə, görüşdə xanım Altman Amerikanın Qarabağ Fondunun fəaliyyəti, Azərbaycan mədəniyyətinin təbliğində görülmüş işlər və ölkələr arasında iqtisadi və mədəni əlaqələrin inkişafına verilmiş töhfələr barədə danışıb.
Baş direktor A.Vəliyev nümayəndə heyətinə bank haqqında, o cümlədən Azərbaycanda pul nişanlarının fəlsəfəsi və dizayn konsepsiyasına dair ətraflı məlumat verib.
Görüş zamanı Azərbaycanın nüfuzlu dünya ölkələri arasında iqtisadi inkişaf tempinə görə öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin mədəniyyətə malik olan bir ölkə kimi də tanınması xüsusi qeyd olunub.
Daha sonra Amerikanın Numizmatlar Assosiasiyasının üzvü Coel Forman Amerikanın tanınmış "Coin World" jurnalında çap olunmuş müəllifi olduğu, Azərbaycanın numizmat tarixininə həsr edilmiş məqaləsi barədə məlumat veribr. C.Forman Azərbaycanın Amerikanın Numizmatlar Assosiasiyasının üzvləri sırasına qəbul olunmasını xüsusilə qeyd edərək üzvlüyü təsdiq edən sertifikatı Mərkəzi Banka təqdim edib.
Görüşdə, həmçinin Mərkəzi Bankla Amerikanın Qarabağ Fondu arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.