Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.Əliyev/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il iyulun 12-də Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən 4 saylı qəsəbədə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Cəbrayıl rayonunun icra hakimiyyəti orqanlarının nümayəndələri və məcburi köçkün sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən qəsəbələr üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli bağçılıq (nar) və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]