Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.Xəlilov/
İyulun 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2013-cü ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Komitədən cümə axşamı Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyillərdən bəhs edərək, qlobal iqtisadiyyatda gərginliyin davam etdiyini bildirib, dünyanın aparıcı iqtisadiyyatlarının qeyri-sabit dinamika ilə inkişaf etməsi barədə iclas iştirakçılarını məlumatlandırb.
R.Aslanlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının diversifikasiyası prosesinin ötən dövrlərdə olduğu kimi, 2013-cü ilin 6 ayı ərzində də uğurla davam etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Sədr qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsi olaraq, ötən ildən başlayaraq qeyri-neft sektorunun ümumi daxili məhsula nisbətində üstünluk təşkil etdiyini və ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarında yüksək templərlə artım nümayiş etdirdiyini bildirib.
QKDK sədri hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında pozitiv dinamikanın müşahidə edildiyini qeyd edərək, 2013-cü ilin ilk yarısında korporativ qiymətli kağızlar bazarında ticarətin həcminin 2,7 dəfə artdığını və bu artımın əsas etibarilə səhm və korporativ istiqraz alətlərinin buraxılışı vasitəsilə dəstəkləndiyini vurğulayıb. Sədr bütövlükdə ölkədə gedən iqtisadi proseslərin keyfiyyətcə yeni bir inkişaf səviyyəsinə çatdığını vurğulayıb.
Daha sonra QKDK-nın sədr müavini, Aparatının rəhbəri və müvafiq struktur bölmələrinin rəhbərləri geniş məruzə ilə çıxış edərək 2013-cü ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə hüquqi bazasının möhkəmləndirilməsi, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil edilməsi, həmçinin insan resurslarının idarə edilməsi, inkişafı və qulluq etikası məsələləri sahəsində görülmüş işlər barədə ətraflı məlumat iclas iştirakçıların diqqətinə çatdırılıb.
İclası yekunlaşdıran R.Aslanlı "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin effektiv icrasının təmin edilməsi, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkilli sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar elektron xidmətlərlərdən istifadə sahəsində ictimaiyyət arasında məlumatlandırma tədbirlərinin həyata keçirilməsi, habelə 2013-cü ildə QKDK-nın 15-illik yubileyi ilə əlaqədar tədbirlərin yüksək səviyyədə təşkil edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.