Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
"İnvest-AZ" MMC Bakı Fond Birjasının (BFB) səhmdarları sırasına daxil olub.
Birjadan Trend-ə verilən məlumata görə, BFB-nin səhmdarlarının 26 iyul 2013-cü il tarixli Növbəti Ümumi Yığıncağında səhmdarlar tərəfindən "İnvest-AZ" şirkətinin BFB-nin səhmdarı olması ilə bağlı müraciəti nəzərdən keçirilib və bu barədə müsbət qərar verilib.
Sözügedən qərara əsasən, BFB-nin nominal dəyəri 200 manat olan 300 ədəd adi, adlı, sənədsiz səhmlərinin buraxılması yolu ilə nizamnamə kapitalı artırılıb və həmin səhmlər MMC-yə təklif olunub.
17 sentyabr 2013-cü il tarixində emissiyanın yekunları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınıb.
Qeyd edək ki, hazırda BFB-nin "İnvest-AZ" MMC daxil olmaqla 20 səhmdarı var.
Xatırladaq ki, "İnvest-AZ" MMC 11 yanvar 2006-cı il tarixində yaradılıb və QKDK tərəfindən verilmiş diler, broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Həmçinin, şirkət İstanbul Birjasının ("Borsa İstanbul") səhmdarı və üzvüdür.