Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.Əliyev/
Elektron ödəniş xidmətlərinin göstərilməsində ixtisaslaşmış Azərbaycanın "GoldenPay" şirkəti ölkədə ilk dəfə olaraq səhmlərin ilkin ictimai təklif (IPO) yolu ilə yerləşdirilməsini keçirməyə hazırlığın davam etdirilməsi üzrə planlarını təqdim edib. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
Məlumata görə, planların təqdimatı BFB-da şirkətlərin və onlara dəstək göstərən tərəfdaşların - BFB, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Depozit Mərkəzinin nümayəndələri arasında BFB-nin keçirdiyi konsultativ listinq proqramları üzrə görüş çərçivəsində baş tutub.
Məlumatda deyilir: "Görüş zamanı proseslərlə bağlı addımlar, o cümlədən anderraytinq, audit məsələləri, hüquqi və digər aspektlər müzakirə olunub. Bundan başqa, BFB və başqa peşəkar bazarlar tərəfindən zəruri tövsiyələr verilib".