Azərbaycan, Bakı, 10 mart/Trend, müxbir E. Əliyev/
Xorvatiyada ölkənin Təqaüd Fondu, Əmanətlərin Sığortalanması və Bank Reabilitasiyası üzrə Dövlət Agentliyinə məxsus bir neçə iri müəssisənin səhmləri satışa çıxarılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı xəbərdə deyilir.
"Dubrovnik Maestral", "Plat", "İmperial Rab" otelləri və "Jadroplov" dəniz nəqliyyatı şirkəti investisiya müsabiqəsinə çıxarılıb.
Məlumatda deyilir: "Xorvatiya tərəfi marağı olan Azərbaycan investorlarını qeyd olunan şirkətlərin səhmlərinin alınması üçün dəvət edir. Niyyət məktubu hər bir şirkətə fərdi şəkildə təqdim olunmalıdır. Məktublar 26 mart 2014-cü il saat 15.00-a qədər təqdim olunmalıdır".
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 222,54 milyon dollar təşkil edib.