...

Samuxda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 16-da Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş Konfrans keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak etmişdir.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Sahib Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulamışdır. Hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur. 2014-cü ilin birinci rübü ərzində də ölkə iqtisadiyyatının dinamik inkişafını davam etdirdiyini vurğulayan Sahib Məmmədov bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını bildirmişdir.

Qeyd edilmişdir ki, 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuş və bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Samuxda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını bildirmişdir. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Samux rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Gəncə-Qazax iqtisadi rayonu üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir.

Nazirliyin Sənaye şöbəsinin sektor müdiri Əbdül Musazadə çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planının təsdiq olunduğunu vurğulamış və Tədbirlər Planında nəzərdə tutulmuş işlər barədə məlumat vermiş, bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat vermişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti