Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/
Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və "Turanbank" ASC arasında Azərbaycan bankına 10 milyon dollar məbləğində kredit xəttinin açılması haqqında saziş imzalanıb.
Trend-in məlumatına görə, sazişi "Turanbank"ın İdarə Heyətinin sədri Nazim Sadıqov və QDTİB-nin vitse-prezidenti Mustafa Boran imzalayıblar.
QDTİB-nin kredit vəsaiti idxal-ixrac əməliyyatlarının və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılacaq.
Bu, iki bank arasıda sayca ikinci sazişdir. 2011-ci ilin sonunda imzalanmış sənəd "Turanbank"a 4 milyon dollar dəyərində kredit xəttinin açılmasını nəzərdə tuturdu. Bununla da QDTİB-nin Azərbaycan bankı üçün kredit xəttinin həcmi 14 milyon dollaradək artırılıb.
N.Sadıqov imzalanma mərasimində deyib ki, müxtəlif beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq banka respublika iqtisadiyyatının qeyri-neft sektorunu, xüsusilə aqrar sektoru dəstəkləməyə imkan verir.
O, bankın tərəfdaşları arasında USAID, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankı, QDTİB və digərlərinin adını çəkib.
N.Sadıqov vurğulayıb ki, QDTİB "Turanbank" üçün vacib tərəfdaşdır: "QDTİB-nin ilk kredit xətti kiçik və orta biznesin Qara dəniz hövzəsinə daxil olan ölkələr ilə apardığı ticarətin maliyyələşdirilməsinə ayrılıb. Vəsaitin 3,5 milyon dolları (4 milyon dollar kreditdən) Rusiya ilə həyata keçirilən əməliyyatlara, qalan 500 milyon dollar isə Türkiyə vasitəsilə ticarət əməliyyatlarına ayrılıb".
Onun sözlərinə görə, 2013-cü ildə "Turanbank"ın ticarət əməliyyatlarını maliyyələşdirməsinin həcmi 2012-ci illə müqayisədə 22 faiz artaraq 93,3 milyon dollar olub: "Ötən il ticarətə dəstək üçün vəsaitlərin 89 faizi (83,1 milyon dollar) idxal üzrə əməliyyatların, qalan 10,2 milyon dollar isə ixrac əməliyyatlarının payına düşüb".
N.Sadıqov bildirib ki, hazırda bankın məcmu kapitalı 50,5 milyon manatdır ki, bu da Azərbaycan Mərkəzi Bankının 2014-cü ilin sonuna olan minimum tələbinə uyğun gəlir.