Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Əliyev/
Azərbaycan Avropanın kənd təsərrüfatı texnikası istehsalçıları ilə birgə istehsalatın yaradılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən ölkəyə 470-dən çox kombayn və digər texnika gətirilib: "Bunların hamısı Avropada istehsal olunub və biz kənd təsərrüfatı texnikasının alınması ilə yanaşı, istehsalına da maraq göstəririk".
H.Əsədov qeyd edib ki, nazirlik Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı sərəncamının icrası üzərində işi davam etdirir: "Tərəfimizdən kənd təsərrüfatının sığortalanması mexanizminin inkişafı üzrə təkliflər paketi hazırlanıb. Bundan başqa, biz Azərbaycanda pambıqçılıq və digər inkişaf edən ənənəvi aqrar sahələrin inkişaf strategiyasını hazırlamışıq. Strategiyada müxtəlif sahələrin indiki vəziyyəti, inkişaf üzrə məqsəd və tapşırıqlar, tədbirlər, habelə perspektivdə gözlənilən nəticələr əks olunub. Hər iki təkliflər paketi 20 gün ərzində dövlət başçısına təqdim olunacaq".