Azərbaycan, Bakı, 13 avqust /Trend/
Lənkəran şəhərində Japan Tobacco International (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində üçüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilmişdir. JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar Gömrük İdarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak etmişdir.
İlk belə seminar JTI şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin Aparatının və ərazi Gömrük İdarələrində xidmət göstərən gömrük əməkdaşları üçün cari ilin 19 fevral tarixində keçirilmişdir. İkinci seminar isə cari ilin 23 may tarixində Quba şəhərində keçirilmişdir və seminarda Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin "Samur", "Xudat" və "Yalama" gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycan Respublikasınıın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışmış, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirmişdir. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi iki seminarın çox zəruri olduğunu qeyd etmiş və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirmişdir.
Seminar zamanı, Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçirmişlər. Seminar təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunmuşdur. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunmuşdur.
Qarşılıqlı razılıq əsasında təlimin regionlarda da davam etdirilməsi qərara alınmışdır. İlin sonunadək Azərbaycanın qərb bölgəsində də analoji seminarın keçirilməsi planlaşdırılır.