Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Avropa İttifaqı (Aİ) Azərbaycanda təhsil sisteminin keyfiyyətinin və aktuallığının yüksəldilməsi üçün 19 milyon avroya malik büdcə ilə yeni proqram işə salıb.
Trend-in məlumatına görə, bu yeni təşəbbüs barədə Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə görüşü zamanı bildirib.
"Təhsil bizim Azərbaycan ilə əməkdaşlığımızın prioritet istiqamətlərindən biridir", - deyə Ştefan Füle bildirib və əlavə edib ki, ölkə təhsil sisteminin modernləşdirilməsində Aİ-nin dəstək və təcrübəsinə, o cümlədən Aİ üzvü olan ölkələrin zəngin təcrübəsinə ümid edə bilər.
Füle deyib: "Təhsil sistemində, xüsusilə texniki və peşə təhsili sistemində islahatlar yeni iş yerlərinin yaradılmasına, mobilliyə, eləcə də müasir cəmiyyətin qurulmasına açardır".
Yeni proqramda ali və peşə təhsilinə və təlimə, qərarların qəbul edilməsində vətəndaş cəmiyyətinin fəallığının artırılmasına, Azərbaycanın təhsil sisteminin idarə edilməsi və açıqlığına xüsusi diqqət ayrılıb.
Aİ-dən maliyyələşdirmə hökumətə ali təhsil, texniki-peşə təhsili və təlim (TPTT) sistemlərinin yenidən qurulmasında, onların keyfiyyətinin və əlçatanlığının artırılmasında, Avropa standartlarına və praktikasına yaxınlaşdırılmasında kömək edəcək.
Ali təhsil, texniki-peşə təhsili və təlim (TPTT) sistemlərinin modernləşdirilməsi əmək bazarının artan tələblərinin təmin edilməsi üçün lazım olan vərdiş və biliklərə malik daha ixtisaslaşdırılmış işçilər hazırlaya bilər.
Bu, həmçinin təhsil sistemini daha cəzbedici etməyə və ixtisaslaşdırmaların milli və beynəlxalq səviyyədə tanınmasına, tədrisə və Azərbaycanda elmi araşdırmalara kömək edəcək. Nəticədə, bu yeni iş yerlərini yaratmağa və tələbələrin, müəllimlərin və tədqiqatçıların portativliyini yüksəltməyə yardım edəcək.
Bundan başqa, proqram vətəndaş cəmiyyətinə təhsil sektorunda öz imkanlarını və iştirakını genişləndirə bilmək üçün maliyyə vəsaiti verəcək ki, bu halda vətəndaş cəmiyyəti, təhsil orqanları, işgüzar və sosial tərəfdaşlar arasında dialoqa xüsusi diqqət ayrılır.