Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Bu il EY (əvvəllər Ernst & Young kimi tanınan) şirkətinin 20 yaşı tamam olur. Məlumdur ki, EY Azərbaycanda ofisini açmış Böyük Dördlüyə daxil olan ilk şirkətdir və hazırda bazarda göstərdiyi xidmətlərin yüksək keyfiyyəti ilə tanınmış aparıcı brenddir. Bu gün biz Azərbaycanda Audit və Kadr strategiyası üzrə Partnyor Turqay Teymurovla EY şirkətinin müvəffəqiyyətinə kömək edən amillər, şirkətin ölkəmizin iqtisadiyyatına verdiyi töhfə və gənc mütəxəssislərin uğur zaminləri barəsində söhbət aparırıq.
- Audit üzrə partnyorun nə ilə məşğul olması hamıya məlumdur, lakin Sizin işiniz kadr strategiyası ilə necə kəsişir?
- Uğurumuzun əsasında əməkdaşlarımız dayanır və məhz buna görə EY MDB-də iri ofislərin partnyorlarının iştirakı ilə Kadr Strategiyası Şurası yaradılmışdır. Biz birlikdə əməkdaşların motivasiyası və peşəkar inkişafı üçün bir çox maraqlı ideya və təşəbbüslərin tətbiqini müəyyən edir və nəzarət altında saxlayırıq. Bir neçə misal gətirim.
İşlədiyi ilk gündən hər bir işçimiz daha təcrübəli əməkdaşa təhkim olunur ki, bu da onun Kuratoru olaraq həmin işçinin inkişaf məqsədlərini formalaşdırmağa və onlara nail olmağa kömək edir. Bu proses bütün karyera boyu davam edir və həm formal görüşlər, həm də qeyri-formal ünsiyyət formasında həyata keçirilir. İldə iki dəfə keçirilən dəyirmi masalarda hər bir Kurator ona təhkim olunmuş işçilərin müvəffəqiyyətləri haqqında danışır, eyni pillədə olan əməkdaşlarla müqayisədə işçinin illik qiyməti müəyyən edilir və növbəti müddətə aid olan tövsiyələr formalaşdırılır.
Digər bir misal - hər ay işçilərimiz öz iş yoldaşlarının "Ayın əməkdaşı" nominasiyası üzrə namizədliyini təklif edirlər. Namizədlərin nəzərdən keçirilməsi üçün komitə yaradılmış, buraya bir neçə partnyor, inzibati şöbənin rəhbərləri, eləcə də əvvəlki dövrlərdə seçilmiş Ayın əməkdaşı və İlin əməkdaşı daxil olur. Komitə qalibi seçir və bütün ofisin iştirakı ilə hər ay keçirilən toplantıda ona mükafat təqdim edir. Bu xəbəri biz böyük məmnuniyyətlə Facebook səhifəmizdə bölüşürük. Bundan əlavə, hər il "əks əlaqə" prinsipi ilə sorğular keçirilir, burada bütün əməkdaşlar anonim şəkildə Şirkətin və özlərinin birbaşa rəhbərlərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklif və arzuları ilə bölüşürlər. Bu tövsiyələr diqqətlə analiz edilir və gələcək tədbirlər planı işlənib hazırlanır. Bu haqda uzun danışa bilərəm, lakin sizi yormaq istəmirəm.
- Bu yaxınlarda şirkətiniz Universum tərəfindən keçirilən sorğuda yalnız Google şirkətindən sonra ən cəlbedici işverənlər siyahısında ikinci yer tutmuşdur. Böyük Dördlükdə iş həcminin olduqca böyük olduğunu nəzərə alaraq, buna necə nail ola bildiniz?
- Yaxşı suala görə təşəkkürəm. Doğrudan da, Universum bütün dünya üzrə 200 minə yaxın tələbə arasında sorğu aparmışdır və bizim üçün çox sevindirici haldır ki, biz peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürənlərin siyahısının başında durmaqla ənənəvi olaraq bu cür reytinqlərdə lider olan investisiya banklarını və İKT sektorunda fəaliyyət göstərən şirkətlərı arxada qoya bildik. Mənim fikrimcə, bu gün gənclər yaxşı bilirlər ki, şirkətimizdə hər bir əməkdaşın özünü reallaşdırmaq və böyük liderə çevrilmək imkanı vardır və bizim üçün bu olduqca vacib faktdır.
Bir vaxt əməkdaşlarımızdan biri söyləmişdir ki, EY şirkətinə gələndə o, özünü çox uğurlu bir insan hesab edirdi - məktəbdə, institutda ən yaxşı qiymətləri olmuş, öz yaşıdları arasında hər zaman seçilmişdir. Lakin EY-da o, anladı ki, bütün nailiyyətləri sıfırdan sübuta yetirmək lazımdır, çünki ətrafdakıların hamısı eynilə "ulduzlar"dır. Və o, tam haqlıdır - uğur qazanmaq üçün potensiala çoxları malikdir, lakin buna yalnız üzərində səylə çalışanlar nail olur.
Bundan əlavə biz çevik və müasir olmağa çalışırıq: işçilərə evdən işləmək imkanı verilir, cümə günləri sərbəst geyim tərzi tətbiq edilir, idmana böyük diqqət yetirilir, biz həmçinin sosial şəbəkələrdə də fəalıq.
Eyni zamanda, işçilərimizi şirkətin idarə edilməsinə fəal cəlb edirik, onlara peşəkar fəaliyyətdən əlavə maraqlı işlərlə məşğul olmağa imkan veririk. Yaratdığımız daxili forumlarda müxtəlif səviyyəli əməkdaşlar onları maraqlandıran məsələləri müzakirə edir, xeyriyyə və sosial məsuliyyət komitələri fəaliyyət göstərir, artıq neçə ildir ki, biz universitetlərdə dərs deyir, təcrübə və biliklərimizi nazirlik və idarələrlə bölüşürük.
Mənə elə gəlir ki, bütün bunlar EY şirkətini səhərlər həvəslə gəlmək istəyən iş yerinə çevirir.
- Şəxsən Sizin üçün EY nə deməkdir?
- Çox yaxın və doğma bir yer. Biz tez-tez deyirik ki, biz bir böyük ailəyik və mənim üçün bu həqiqətdir. EY-a gələndə mühasibat uçotu və audit haqqında təsəvvürüm dumanlı olsa da, öyrənmək və güclü mütəxəssisə çevrilmək arzum olduqca böyük idi. Məni dəstəklədilər, əlverişli şərait yaratdılar, özümü göstərməyə kömək etdilər. Bundan əlavə mən burada bir neçə əsl dost tapdım. İndi bunların çoxu ilə biz artıq neçə ildir ki, ailəvi dostuq. Bəziləri ölkədən getmiş olsa da, yaxın ünsiyyət davam edir - xoşbəxtlikdən, indi bunun üçün bütün imkanlar mövcuddur.
Bu yaxınlarda şirkətimiz "Daha yaxşı iş dünyasını quraq" adlı yeni inkişaf strategiyasını elan etmişdir. İnanırıq ki, xidmətlərimiz işgüzar mühitin yaxşılaşdırılmasına, dünyanın müxtəlif ölkələrində ictimaiyyətin bazarlara və iqtisadiyyata olan inamını möhkəmləndirməyə kömək edir. Buna görə də mənim üçün EY həmçinin ölkəmizi daha da yaxşılaşdırmaq üçün əlavə töhfə vermək imkanıdır.
- Məlumdur ki, Böyük Dördlükdə problemlərdən biri - kadr axınıdır. Bunun öhdəsindən necə gəlirsiniz?
- Mən optimistəm və "Hər şey yaxşıya doğru baş verir" prinsipinə sadiq qalıram. Əlbəttə, şirkətimizin biznes modeli belədir ki, biz kadrların inkişafına iri investisiyalar qoyuruq, lakin öz karyeralarının müəyyən mərhələsində onların bəziləri yeni bir işlə məşğul olmağı seçir.
Onu da qeyd etmək istəyirəm ki, Bakı ofisinin mütəxəssisləri EY-da yüksək qiymətləndirilir. Karyeralarını ofisimizdə başlamış dost və iş yoldaşlarımın çoxu EY şirkətinin Hyuston, Çikaqo, Kalqari, London, Rotterdam, Dubay, Moskva və digər şəhərlərindəki ofislərində böyük nailiyyətlər əldə etmişdir. Təvazökarlıq etmədən deyə bilərəm ki, dünya üzrə EY ofislərində Azərbaycan mütəxəssislərinə olan tələbat kifayət qədər yüksəkdir, çünki burada həqiqətən yüksək səviyyəli mütəxəssislər çalışır. Mən bu faktla fəxr edirəm.
Əlbəttə, bu ikitərəfli yoldur. Son zamanlar Bakı ofisində iş təcrübəsini əldə etmək istəyən digər ölkələrin EY əməkdaşlarından alınan ərizələrin sayı çoxalmışdır. Bu istəklərin əksəriyyəti ölkəmizin nailiyyətləri, xüsusilə də neft sektorunda əldə etdiyi uğurları ilə bağlıdır. Azərbaycanda öyrənməyə çox şey var - hasilatın pay bölgüsü haqqında unikal sazişlər sistemi, ən böyük neft və qaz yataqları və nəqliyyat infrastrukturu, burada təmsil olunan neft sənayesinin dünya liderləri. Əlbəttə, Bakının gözəlliyi də mühüm rol oynayır.
Təbii ki, keçmiş işçilərimizin çoxu Azərbaycanda qalır və bu gün onların çoxu yerli və xarici şirkətlərdə rəhbər vəzifələr tutur və bizim dost və müştərilərimizdir. Dediyim kimi, hər bir halın müsbət tərəfini tapmaq olar.
Ümumiyyətlə, mən hesab edirəm ki, "məzunlarımız" şirkətimizin ölkənin inkişafına ən dəyərli töhfəsindən biridir.
- Belə bir fikir vardır ki, sizin peşənizdə gündəlik təkrarlanan işlər çoxdur, bu belədirmi?
- Əlbəttə, biz böyük sayda tələb və qaydalara əməl etməliyik və buna görə də deyə bilmərəm ki, şablon üzrə gündəlik təkrarlanan iş heç yoxdur. Lakin karyera yüksəldikcə belə işin həcmi də azalır və ön plana şəxsi xüsusiyyətlər, təşkilati və liderlik bacarıqları çıxır. Bu gün mənim vaxtımın çox hissəsi iş yoldaşları, müştərilər, işgüzar partnyorlarla ünsiyyətə sərf olunur və sənədlərlə iş vacib olsa da, onun üçün vaxt tapmaq mürəkkəb məsələyə çevrilir.
Buna baxmayaraq, gündəlik təkrarlanan işlər çox vacibdir - məsələn, təkmilləşmək, öz sahəndə və müştərilərin biznesində yeni tendensiyalardan agah olmaq üçün hər zaman vaxt tapmaq lazımdır və bu da gündəlik işin bir hissəsinə çevrilməlidir. Hər zaman oxumaq, mütaliə etmək, yeniliklərə açıq olmaq çox vacibdir, əks halda düzəlməz bir səhv buraxaraq, mənim sevimli əsərim olan "Yekun diaqnoz" kitabında Artur Heylinin yazdığı kimi, həyatdan geridə qalmaq olar.
- Son sual - bu il EY şirkətinin Azərbaycandakı ofisinin 20 illik yubileyidir və bu münasibətlə Sizi təbrik edirik. Fikrinizcə, şirkətinizin ən önəmli nailiyyəti nədir?
- Təbrikinizə görə çox sağ olun, bu bizim üçün doğrudan da mühüm bir hadisədir. Zənnimcə, ən önəmli nailiyyət ondan ibarətdir ki, biz hamı üçün bərabər imkanlar yaratmışıq. Mən fəxr edirəm ki, Azərbaycanda ilk CPA lisenziyasının sahibi, Azərbaycanda ilk ACCA lisenziyasının sahibi, ilk Azərbaycanlı partnyor, məsləhətlər sahəsində ilk qadın partnyor, audit sahəsində ilk qadın partnyor məhz EY Azərbaycanda işləyirlər. Uorren Bafet bu yaxınlarda demişdir ki, qadınlar kifayət qədər qiymətləndirilməyib və Amerikanın tərəqqisinin açarıdır. Bu gün Bakıdakı ofisimizin ali rəhbərliyinin yarısından çoxu qadınlarla təmsil olunur, buna görə də mən əminəm ki, hər şey əla olacaq!