Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Azərbaycanda və Monqolustanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv ölkələrin xarici iqtisadi fəaliyyət iştirakçıları üçün proqramın hazırlanması məqsədilə risklərin idarə edilməsi üzrə seminarlar keçiriləcək. Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Bu ölkələrdə səlahiyyətli iqtisadi operatorlar üçün seminarların keçirilməsi haqqında razılaşma sentyabrın 22-23-də Qırğızıstanın Çolpon-Ata şəhərində Qırğızıstan hökuməti yanında Dövlət Gömrük Xidmətinin təşkilatçılığı ilə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən Gömrük Əməkdaşlıq Komitəsinin 13-cü iclasında əldə olunub.
Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan gömrük xidmətlərinin rəhbər vəzifəli şəxslərinin qatıldığı iclasda Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.
Tədbirdə "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası 2020"-nin həyata keçirilməsi üzrə təqdim edilmiş məlumatda sənədin əsas məqsədinin ticarətin genişləndirilməsi və rəqabətqabiliyyətliliyin yüksəldilməsi olduğu qeyd edilib.
Bununla yanaşı, iclasda təqdim edilmiş 2013-2014-cü illərdə ticarətə yardım üzrə proqramın icmalı ilə bağlı qeyd olunub ki, göstərilən dövrdə CAREC-ə üzv ölkələrin gömrük orqanları tərəfindən nəqliyyata və ticarətə yardıma dair müxtəlif beynəlxalq tədbirlər keçirilib. Bundan sonra iclas "dəyirmi masa" ətrafında müzakirələrlə öz işini davam etdirib.
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini R.Həsənəliyevin sədrliyi ilə keçirilən "dəyirmi masa"lardan birində mövzu üzrə buraxılış vaxtının öyrənilməsi, birgə gömrük nəzarəti və sərhədlərin əlaqələndirilmiş şəkildə idarə edilməsi məsələləri müzakirə olunub.
İclasda Əfqanıstan İslam Respublikasının nümayəndəsi ölkəsində sərhədlərin əlaqələndirilmiş şəkildə idarə olunmasına dair çıxışında gömrük orqanları və sərhəd polisinin əməkdaşlığı barədə məlumat verib.
Tədbirdə Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi sərhədlərin əlaqələndirilmiş şəkildə idarə edilməsi üzrə ÜGT prinsipləri barədə çıxış edib. O, öz çıxışında bildirib ki, sərhədlərin bu cür idarə edilməsi artan mal dövriyyəsi və insanların keçidi zamanı rəsmiləşdirməni sürətləndirir. Məruzəçi əsas prinsip kimi birgə məlumat, ümumi resurslar, qarşılıqlı fəaliyyət və məsuliyyətin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, o, hər bir ölkədə konkret vəziyyətin xüsusiyyətinin nəzərə alınmasının vacibliyini də qeyd edib.
İclasda 2014-2015-ci illərdə Ticarətə Yardım Proqramı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.
Tədbirin sonunda Gömrük Əməkdaşlıq Komitəsinin 14-cü iclasının Monqolustanda keçirilməsi razılaşdırılıb.