...

Azərbaycanın kart bazarı il ərzində 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2014 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda ödəniş kartlarının sayı ilin əvvəlindən 3,4 faiz artaraq 2014-cü il avqust ayının yekunu üzrə 5 866 min ədəd təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-avqust ayının yekunu üzrə hesabatında deyilir.

2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə kartların sayı 10,03 faiz artıb.

Kartların ümumi sayından 4 685 min ədədi debet kartlara, 2 544 min ədəd sosial kartlara, 1 401 min ədəd əməkhaqqı, 740 min ədəd isə digər kartlara aiddir. Kredit kartlarının miqdarı 1 181 min ədəd təşkil edib.

AMB-nin hesabatına əsasən, yanvar-avqustda bankomatların və POS-terminalların köməyi ilə ödəniş kartları üzrə ümumi dövriyyə 7,674 milyard manat, əməliyyatların ümumi sayı isə 51,177 milyon ədəd təşkil edib.

Debet kartlar üzrə əməliyyatların sayı 40,185 milyon ədəd olmaqla 6,174 milyard manat təşkil edib.

Debet kartlar üzrə əməliyyatların ümumi sayından ölkə daxilində bankomatların köməyi ilə 5,573 milyard manat məbləğində 32,321 milyon əməliyyat, POS-terminallar vasitəsilə isə 386 milyon manat dəyərində 2,337 milyon əməliyyat həyata keçirilib.

Kredit kartları ilə bu dövrdə 1,499 milyard manat məbləğində 10,992 milyon əməliyyat həyata keçirilib.

Kredit kartları üzrə əməliyyatların ümumi sayından bankomatların köməyi ilə 782 milyon manat məbləğində 3,377 milyon əməliyyat, POS-terminallarla isə 331 milyon manatlıq 4,9 milyon əməliyyat aparılıb.

2014-cü il sentyabrın 1-nə ölkədə 2 510 bankomat fəaliyyət göstərib ki, onlardan 1 413 ədədi Bakıda, 1 097-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. İl ərzində onların ümumi sayı (2013-cü il sentyabrın əvvəli ilə müqayisədə) 135 ədəd və ya 5,7 faiz artıb.

2014-cü il sentyabrın 1-nə POS-terminalların sayı 56 731 ədəd olub ki, bundan 38 990 ədədi Bakıda, 17 741-i isə ölkənin digər şəhər və rayonlarında yerləşir. 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə POS-terminalların sayı 21 016 ədəd, yaxud 58,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti