...

2015-ci ildə Azərbaycanda Kimya Sənaye Parkının tikintisinin birinci fazası başa çatacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2014 12:47 (UTC +04:00)
2015-ci ilin sonuna kimi Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin “Sumqayıt Kimya-Sənaye Parkı” MMC-nin infrastrukturlarının tikintisinin birinci fazasının tamamlanması planlaşdırılır.
2015-ci ildə Azərbaycanda Kimya Sənaye Parkının tikintisinin birinci fazası başa çatacaq (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin sonuna kimi Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin "Sumqayıt Kimya-Sənaye Parkı" MMC-nin infrastrukturlarının tikintisinin birinci fazasının tamamlanması planlaşdırılır.

Trend şənbə günü nazirliyin saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, Kimya Sənaye Parkının tikinti işləri qrafik üzrə gedir.

Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda daha iki zavodun inşasına başlanılıb.

Bundan başqa, "SOCAR Polymer" MMC-də istehsal prosesinə 2016-cı ildə başlanması planlaşdırılır.

Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olub və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildiriblər. Layihələr əsasən qablaşdırma, tikinti, tibb və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.

Bununla yanaşı, SKSP-də yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Fransa, Yaponiya, Çin, İtaliya, Almaniya və Avstriyanın müxtəlif təşkilatları, şirkətləri və diplomatik nümayəndəlikləri ilə bir sıra görüşlər keçirilib. Eyni zamanda, aparıcı ölkələrin təcrübəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkının ərazisində biznes inkubatorların fəaliyyətinin təşkili ilə əlaqədar inkişaf konsepsiyasının layihəsi hazırlanıb.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində Sumqayıt Kimya Sənaye Parkı (SKSP) yaradılıb. Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti